Bölgələrdə vətəndaşlar niyə Pfizer vaksini vurdura bilmirlər?

Bakı şəhəri ilə yanaşı bölgələrdə də vaksinasiya işləri davam edir. Ancaq paytaxtdan fərqli olaraq bölgələrin bir çoxunda vətəndaşlara yalnız Sinovac vaksini vurulur. Pfizer vaksini isə əksər bölgələrdə yoxdur.

Vətəndaşlar Tovuz, Qazax, Qax, Zaqatala və Ağstafada yerləşən xəstəxanalara gedərkən onlara yalnız Sinovac peyvəndi təklif olunur. Bu barədə Xəzər TV sentyabrın 10-da məlumat yayıb.

Sakinlərin sözlərinə görə, yaşadıqları bölgədə peyvənd seçimi yoxdur deyə, onlar məcburi olaraq rayon daxilində olan vaksini vurdurublar.

“Bizim bölgəyə Sinovac-dan başqa peyvənd verilməyib”, – deyə Tovuz Rayon Mərkəzi Xəstəxanasında çalışan həkim bildirib.

Səhiyyə Nazirliyi bu fakt ilə bağlı açıqlama verib: “Pfizer peyvəndi üçün 5 regional mərkəz yaradılıb. Bunlar Gəncə, Quba, Bərdə, Lənkəran və Şəki xəstəxanalarıdır”. Qurum həmçinin əlavə edib ki, buna səbəb digər rayonlarda peyvənd saxlama şəraitinin olmamasıdır.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya 2021-ci ilin yanvar ayının 18-dən başlayıb. Ölkədə COVID-19 ələyhinə ümumilikdə 7 milyondan çox peyvənd vurulub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bölgələrdə vətəndaşlar niyə Pfizer vaksini vurdura bilmirlər?”

Tövsiyə xəbərlər