TÖVSİYƏ XƏBƏRLƏR

Bakı aeroportunda saxta pasportlarla sərhədi keçmək istəyən 9 əcnəbi saxlanılıb

Son 5 gündə 9 əcnəbi və 1 Azərbaycan vətəndaşının saxta sənədlərlə dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb. Bu barədə martın 15-də Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Mart ayının 11-də “İzmir-Bakı” reysi ilə ölkəmizə gələn 2 İran vətəndaşının təqdim etdiyi Fransa və Yunanıstan pasportlarının saxta olduğu üzə çıxıb.

12 mart tarixində Türkiyə vətəndaşının “Bakı-London” istiqamətində uçub gedərkən Türkiyə pasportu ilə yanaşı təqdim etdiyi Böyük Britaniya yaşayış kartının saxta olması aşkarlanıb. Həmin gün İran vətən­daşının təqdim etdiyi Böyük Britaniya pasportunun saxtalaşdırılması müəyyən edilib.

Martın 14-də “Doha-Bakı” reysi ilə ölkəmizə gələn 5 nəfər əslən Yəmən vətəndaşlarının da Malayziya pasport­larının saxtalaşdırılması aşkarlanıb.

Martın 15-də isə “Bakı-İstanbul-Nyu-York” reysinin rəsmiləşdirilməsi zamanı Azərbaycan vətən­daşının ABŞ vizasının saxtalaşdırılmış olması müəyyən­ləşdirilib.

Saxlanılan şəxslər barəsində müvafiq tədbirlər görülüb.