Bakıda “28 Mall” Ticarət Mərkəzinin qarşısındakı dönər evində kütləvi zəhərlənmə baş verib. Bu barədə dekabrın 13-də Kliniki Tibbi Mərkəzin nümayəndəsi Elnur Hidayətoğlu məlumat verib.
Səhər saatlarında 8 nəfər zəhərlənmə faktı ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Zəhərlənənlərdən biri, 16 yaşlı yeniyetmə 2 saylı Kliniki Uşaq Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, 2 zərərçəkən şəxs artıq evə buraxılıb, digərlərinin müalicəsi isə davam edir.
“Zəhərlənən şəxslər bir ailənin üzvləri deyil. Onlar obyektdən müxtəlif saatlarda dönər alıblar”, – deyə mərkəzin nümayəndəsi qeyd edib.
Dönər evinin fəaliyyəti dayandırılıb. Faktla bağlı araşdırma davam edir.
AQTA qida zəhərlənmələrindən qorunmaq üçün diqqət yetirilməli məqamlar haqqında açıqlama yayıb.