TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda 25-ci Beynəlxalq Biznes Forum keçiriləcək

Sabah, 14 noyabr tarixində Bakıda 25-ci Beynəlxalq Biznes Forum (İBF – İnternational Business Forum) keçiriləcək. Bu haqda Report xəbər verib.

Forumun məqsədi ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsdir. Tədbir çərçivəsində panel müzakirələr, ölkə təqdimatları, ikitərəfli görüşlər, sərgi və digər tədbirlər təşkil olunacaq.

“Dünyanın 31 ölkəsindən iş adamlarını Azərbaycana gətirəcəyik”, – deyə Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin İdarə Heyətinin sədri Mahmut Asmalı forumla bağlı keçirilən mətbuat konfransında çıxış edərkən bildirib.

O öz çıxışında əlavə edib ki, onlar Azərbaycanda ağıllı kənd təsərrüfatı sistemini qurmaq niyyətindədirlər: “Azərbaycanın dağ turizm imkanları genişdir. İlin 12 ayı bu sahə üzrə turist cəlb etmək mümkündür. Türkiyənin kənd təsərrüfatı sahəsində təcrübəsi böyükdür. Bu səbəbdən ağıllı kənd təsərrüfatı sistemini qurmaq olar”.

Həmçinin Mahmut Asmalı Azərbaycanın hidrogen potensialından danışıb və bildirib ki, Azərbaycanı bu sahənin ixracatçısına çevirmək mümkündür.

Forum noyabrın 17-dək davam edəcək.

İBF 1995-ci ildən etibarən hər il müxtəlif ölkələrdə keçirilir. 2021-ci ilin iyul ayında forumun Bakıda keçiriləcəyi haqda KOBİA və İBF rəhbərliyi arasında Anlaşma Memorandumu imzalanmışdır.