20 oktyabr-7 noyabr tarixlərində arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Bu barədə 24 sentyabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi səhifəsində məlumat yayılıb.
Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) baş tutacaq.
Bal sərgisində yalnız COVID-19 pasportu və ya immun sertifikatı olan bal istehsalçıları iştirak edə bilərlər. Yarmarkada iştirak etmək istəyən arıçılar 25 sentyabr saat 00:00-dan 29 sentyabr saat 23:59-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan uğurla keçmiş iştirakçılara 30 sentyabr tarixində daha ətraflı məlumat SMS-bildirişlə göndəriləcək.
Yarmarkada ümumilikdə 250 arıçının iştirak etməsi planlaşdırılır. Sərgidə iştirak etmək üçün arıçının Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş minimum 25 arı ailəsi olmalıdır. Bir iştirakçı yarmarkada maksimum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanısını satışa çıxara bilər.
Yarmarkada iştirak haqqı 150 AZN-dir.