Bakı: Əfqan miqrantları aksiya keçirməyə cəhd ediblər

Avqustun 23-də Bakının Qış parkında Əfqanıstandan Azərbaycana gələn 40 nəfər miqrant aksiya keçirməyə cəhd edib. Bu barədə DİN məlumat verib.

Aksiya icazəsiz olduğu üçün polis etirazçıları ərazidən uzaqlaşdırıb.

Aksiyada iştirak edənlər BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər.

Miqrantlardan birinin Oxu.az-a bildirdiyinə görə, Azərbaycanda yaşayan Əfqanıstan qaçqınları unudulub: “Biz 20 ilə yaxındı Azərbaycana köç etmişik. Əvvəlcə BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi bizimlə maraqlanıb və hamımıza qaçqın statusunun alınmasında köməklik edib. Lakin o zamandan bəri biz unudulmuşuq”.

Etirazçıların sözlərinə əsasən, Azərbaycanda 2 minə yaxın Əfqanıstan qaçqını yaşayır və onlara yalnız “qara iş” təklif olunur.

“Azərbaycandan başqa biz heç kimə lazım deyilik. Bizə ABŞ-a, Kanadaya, Avropaya getmək üçün viza verilmir. İndi elə alınır ki, biz nə Vətənimizə qayıda bilirik, nədə ki digər ölkələrə getmək imkanımız var”, – köçkünlərdən biri deyib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bakı: Əfqan miqrantları aksiya keçirməyə cəhd ediblər”

Tövsiyə xəbərlər