Bakı: Suraxanı rayonunda 14 narkotacir saxlanılıb

Suraxanı rayonunun Hövsan, Əmircan, Bülbülə, Zığ və Qaraçuxur qəsəbələri ərazisində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 14 nəfər saxlanılıb. Bu barədə DİN avqustun 16-da məlumat yayıb.

Əvvəlcə Suraxanı qəsəbəsində narkotikləri satan Ramin Nuriyev saxlanılıb. Onun üzərindən və evindən 1 kiloqrama yaxın heroin və 64 qram metamfetamin aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələr alanların arasında tanınmamaq üçün “Rəmiş” ləqəbindən istifadə edirdi.

Bundan başqa əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan
əvvəllər dəfələrlə məhkum edilmiş 13 nəfər saxlanılıb. Onlardan külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb.

Nəticədə Suraxanı rayonunda ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı araşdırmalar başlanılıb.

DİN-in məlumatlarına əsasən, 2021-ci ilin yanvar – iyun ayları ərzində ölkədə qeydə alınmış 14928 cinayət hadisəsinin 4145-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 42,7 faiz çoxdur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bakı: Suraxanı rayonunda 14 narkotacir saxlanılıb”

Tövsiyə xəbərlər