Martın 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutu Ağstafa stansiyasına qədər uzadılaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımaları həyata keçiriləcək. Bu barədə 10 mart tarixində “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti məlumat verib.
Biletlər martın 10-dan satışa çıxarılacaq.
Sərnişinlər Bakıdan Ağstafaya 2020-ci ilin martına qədər fəaliyyət göstərən sərnişin qatarı ilə 8 saata çatdırılırdısa, artıq bu məsafə 4 saat 55 dəqiqəyə qət olunacaq.
Marşrut xəttinin uzadılması Tovuz stansiyasında da fəaliyyətin təmin olunmasına imkan yaradır.
Hərəkət cədvəlinə gəlincə sürətli sərnişin qatarı hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşərək saat 13:40-da mənzil başına çatacaq. Ağstafa-Bakı marşrutu üzrə isə qatar hər gün saat 17:10-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:05-də çatacaq. Sürətli sərnişin qatarının müvafiq marşrut üzrə orta sürəti 100 km/saat təşkil edəcək.
Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün 17 manat, Bakı-Tovuz istiqaməti üçün isə 16 manat təşkil edir. Biletləri Dəmiryol Vağzallarının kassalarından və ya ADY-nin rəsmi saytından onlayn əldə etmək mümkündür.