TÖVSİYƏ XƏBƏRLƏR

Bakı Hava Limanında parkinq haqqını ödəmək asanlaşdırılıb – QİYMƏTLƏR

Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu ziyarətçilərinə nəqliyyat vasitələrinin sürətli giriş-çıxışını və parklanma üçün rahat ödəniş üsullarını təmin edən innovativ xidmət təqdim edib. Bu barədə 7 noyabr tarixində Report Hava Limanına istinadən məlumat verib.

Məlumata görə, artıq parkinq haqqını həm ödəniş terminallarında, həm də onlayn şəkildə ödəmək mümkündür. Ziyarətçilər mobil cihazları vasitəsilə “Tezödə”“AzParking” platformalarından istifadə edə bilərlər.

Həmçinin parklanma üçün ödənişi Hava Limanında yerləşən ödəniş terminallarında nağd və nağdsız (bank kartları ilə) həyata keçirmək mümkündür. Hava Limanına giriş-çıxışda plastik kartlardan istifadə ləğv edilib və əvəzində nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının avtomatik tanınması sistemi tətbiq edilib.

Məlumata görə, yalnız uzunmüddətli park edilmiş nəqliyyat vasitələri üçün bu gündən tariflərə dəyişikliklər edilir, lakin qısamüddətli istifadəçilər üçün tariflər dəyişməz olaraq qalır.

Yeni sistemin tətbiqi ilə bağlı suallar yarandığı təqdirdə ilkin mərhələdə məsul əməkdaşlar ərazidə ziyarətçilərə lazımi dəstək göstərəcəklər və yaxud bu linkə keçid edərək əlavə məlumat əldə etmək mümkündür.

Qeyd edək ki, ilk 15 dəqiqə üçün nəqliyyat vasitələrindən ödəniş tələb edilmir. Sərnişinlərin gediş-gəliş proseslərini daha da komfortlu və çevik etmək üçün xüsusi zolaqlar – “drop off”/ “pick up” onların ixtiyarındadır.