İyunun 3-4-də paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək. Bu barədə 1 iyun tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Məlumata görə, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Belə ki, artıq yarmarkadan alış-veriş edən vətəndaşlar fermerlərlə həm nağd, həm də nağdsız şəkildə hesablaşa biləcəklər.
Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkası fermerlər üçün tamamilə ödənişsiz şəkildə təşkil olunur. Fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvana qədər daşınır.