“Bakı Metropoliteni”ndə pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılır. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 6 sentyabr tarixində xəbər verir.
Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.
Stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki qurğularda (turniketlərdə) texniki işlər yerinə yetirilib, proqram təminatını həyata keçirən sistemlər quraşdırılıb, test rejimində sınaqlar aparılıb.
Bu üsulla ödəməni həyata keçirmək üçün bunları etmək lazımdır:
- “BakıKart” mobil tətbiqini “Google Play” (https://play.google.com/store/apps/details?id=prod.bakikart.az) və yaxud “App Store” (https://apps.apple.com/az/app/bakıkart/id6444960659) tətbiqlərindən yükləmək;
- Mobil tətbiqdə qeydiyyatdan keçmək (mobil nömrədən istifadə edilir və şifrə yaradılır);
- Pul kisəsində balansı ən azı 1 manat artırmaq;
- QR bilet (yaxud biletlər) yaratmaq (Bilet yalnız 5 dəqiqə etibarlıdır);
- Turniketlərdə QR bileti ödəmə displeyinə yaxınlaşdırmaq və keçmək.
Tətbiq “BakıKart” plastik kartını almağa sərf olunan 2 manata qənaət etməyə imkan verir. Daim əl altında plastik kart saxlamağa ehtiyac qalmır. Sadəcə, QR bileti yaratmaq üçün mobil telefonunuzun internetə çıxışının olması yetərlidir.
Sərnişin gediş haqqını yükləmə terminalına yaxınlaşmadan, elə hərəkətdə ikən mobil cihazında QR bilet yaradaraq turniketlərə yaxınlaşa bilər.
QR bilet istifadəçiləri bir neçə məqamı diqqətdə saxlamalıdırlar:
- QR bilet yalnız bir gediş üçün etibarlıdır;
2. QR bilet 5 dəqiqə ərzində etibarlıdır;
3. QR bilet üçün “pul kisəsi”ndə 1 manat bloklanır;
4. Gediş haqqı bloklanan məbləğdən çıxılır və qalıq məbləğ “pul kisəsi”nə qaytarılır;
5. QR biletdən 5 dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində “pul kisəsi”nə qaytarılır.
Mobil tətbiq istifadəçiləri texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Pilot layihənin davamı kimi, ödənişin yeni üsulu növbəti mərhələdə Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında tətbiq ediləcək. Həmçinin QR biletlə ödəniş imkanlarının mərhələli şəkildə Yaşıl və Qırmızı xətlərin stansiyalarında tətbiqi üzərində texniki işlərə başlanılıb.
Bakı metropolitenində gediş haqqının ödənilməsi 2015-ci ilin avqust ayından “BakıKart” plastik kartları vasitəsilə həyata keçirilir.
