10-11 dekabr tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq. Bu barədə 8 dekabr tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Yarmarkaların təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Budəfəki yarmarkalarda ümumilikdə 40-dan artıq regiondan gələcək 70-dən artıq fermer tərəfindən 80-ə yaxın çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək.
Qeyd olunub ki, fermerlər yarmarkalarda ödənişsiz şəkildə iştirak edəcəklər.
“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A