Bakının Binə qəsəbəsində dönərdən zəhərlənməsi ehtimal edilən dörd məktəbin şagirdlərinin son durumu açıqlanıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 25 oktyabr tarixində xəbər verir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumata görə, oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 21 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub.
Son məlumata əsasən, TƏBİB-nin tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub.
TƏBİB-dən bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə, 1 uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb.
Hazırda 21 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.
Uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.