TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda həyatını və sürücüləri təhlükəyə atan piyada CƏRİMƏLƏNDİ

Bakıda Dövlət Yol Polisi (DYP) əməkdaşını heçə sayaraq kobud qayda pozuntusuna yol verən piyada cərimələnib. Bu barədə İnsanoid Oxu.az-a istinadən bu gün, 13 noyabr tarixində xəbər verir.

Hadisə sürət həddi 90 km/saat olan Zuğulba şosesində nəqliyyat vasitələrindən birinin videoqeydiyyatçısı tərəfindən lentə alınıb.

Sözügedən yolda nəqliyyatın intensiv hərəkətini nəzərə almayan piyada qəza şəraiti yaradıb. Belə ki, şəxs yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçib.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, piyada barəsində ərazidə xidmət edən DYP əməkdaşı tərəfindən protokol tərtib edilib:

“Sözügedən istiqamətdə yol hərəkəti qaydalarını pozan piyada qanunamüvafiq formada cərimələnib. Protokola əsasən, həmin piyadaya İnzibati Xətalar Məcəlləsinin (İXM) 338-ci maddəsinə uyğun  40 manat məbləğində cərimə tətbiq edilib. Təəssüf ki, bu gün paytaxt yollarında yol hərəkəti qaydalarını kobud şəkildə pozan və hamımızı ciddi şəkildə narahat edən məhz piyadalardır. Bəzi qayda pozan sürücülər ən azından cərimə ballarından, sürücülük vəsiqələrindən məhrum olmaq qorxusundan ehtiyatlı davranırlar.

Əfsuslar olsun ki, piyadalar barəsində nə qədər cərimə tətbiq edilsə də, onlar bu cür kobud və təhlükəli qayda pozuntularına yol verməkdən çəkinmirlər. Nəinki özlərinin, digər hərəkət iştirakçılarının da həyatını riskə atırlar. Bir daha bütün hərəkət iştirakçılarına yollarda qaydalara riayət etməyi, təhlükəsizliyin təmin edilməsi üçün qayda pozuntularına yol verməməyi tövsiyə edirik”.