TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda narkotik satan və tapança gəzdirən şəxslər saxlanılıblar

Bakının Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən və üzərində qanunsuz odlu silah saxlayan şəxslər saxlanılıblar. Bu barədə 28 sentyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsi, Narkotiklərlə Mübarizə Şöbəsi, həmçinin ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı paytaxt sakinləri İgid Həsənov, Cəlal Hüseynov, Ağakişi Musayev, Rauf Hüseynov, Sənan Məmmədov və Nicat Sadıqov saxlanılıblar.

Bu şəxslərdən 13 kiloqram heroin, marixuana, 390 ədəd psixotrop tərkibli metadon həbi, eləcə də Rauf Hüseynovdan əlavə olaraq, 1 ədəd “Naqan”, Sənan Məmmədovdan isə “TT” markalı odlu silah – tapança aşkar olunub. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Həmçinin idarə əməkdaşlarının avqust-sentyabr aylarında həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində yerləşən bir neçə mənzildə “tiryəkxana” təşkil edən, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb.