Bakıda ödəmə terminalını oğurlayan şəxslər saxlanılıblar. Bu barədə 25 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan, içərisində 10 362 manat olan ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakinləri – əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Namiq Alxanov və həmyaşıdı Miri Fətiyev saxlanılıblar.
Araşdırma zamanı bu şəxslərin paytaxtın müxtəlif ərazilərində, habelə Abşeron rayonunda daha bir neçə marketdə quraşdırılan ödəniş terminallarından oğurluq etdikləri məlum olub.
Cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
“N.Alxanov və M.Fətiyevin qanunsuz əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər”, – məlumatda qeyd olunub.