TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda qadınların hüquqları ilə bağlı beynəlxalq konfrans keçirilir

Bakıda “Qadın hüquqlarının inkişafı və qadınların səlahiyyətləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir. Bu barədə 20 noyabr tarixində Report məlumat verib.

Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun cari ilin iyul ayında nazirlər səviyyəsində təşkil edilən iclasında səsləndirdiyi təşəbbüslər əsasında keçirilir.

Konfransda Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh və təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirdə ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.

Qeyd edək ki, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına (QH) 2019-cu ildən etibarən rəhbərlik edir. Ölkəmizin təsisata sədrliyi dövründə gördüyü işləri yüksək qiymətləndirən QH-nin üzv dövlətlərinin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb.