Paytaxtın Xətai rayonunda qanunsuz neft məhsulları satışının qarşısı alınıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bu gün, 21 yanvar tarixində məlumat verir.
Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 40 ünvanında yerləşən “Avto Qarant” ASC-nin ərazisində yanğın və texniki təhlükəsizlik qaydalarına zidd olaraq, yanacaq məhsulları (yağ) ilə dolu çənlər saxlayan və qanunsuz satışını həyata keçirən şəxslə bağlı tədbir görülüb.
Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları dərhal göstərilən ünvana cəlb ediliblər.
Keçirilən baxış zamanı həqiqətən də yanğın və texniki təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulması ilə insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq neft məhsullarının saxlanılması və satışının həyata keçirilməsi faktı aşkar edilib.
İnsan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, çənlərin istismarı FHN-in əməkdaşları tərəfindən dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş akt sahibkara təqdim edilib.
Bununla yanaşı, yanğın və texniki təhlükəsizliklə bağlı sahibkar və işçilərlə profilaktik söhbət aparılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.