Bakıda üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslər tutulublar. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bu gün, 18 mart tarixində xəbər verir.
Paytaxtın Nizami rayonunda Ramil Məmmədli, Eldəniz Əliyev və Ümid Qafarov saxlanılaraq istintaqa təqdim ediliblər.
Ramil Məmmədlinin üzərindən, eləcə də idarə etdiyi avtomobildən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq, 12 ədəd patron, psixotrop maddə olan metamfetamin, Ümid Qafarovdan, həmçinin 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq, 9 ədəd patron, Eldəniz Əliyevdən isə “Brauning” markalı tapança və 2 ədəd patron aşkar olunub.
Saxlanılan şəxslər odlu silah-sursatları bir müddət əvvəl əldə etdiklərini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özlərində saxladıqlarını bildiriblər.
Araşdırma zamanı saxlanılan şəxslərdən biri – Ramil Məmmədlinin sosial şəbəkələrdə “Salamat Ramil” adı altında cinayətkarlığı təbliğ edən paylaşımlar etdiyi də məlum olub.
Aşkar edilən faktlarla bağlı Nizami Rayon İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.