Yeni tədris ili şərti olaraq, yeni tıxac mövsümünün də başlanğıcı ola bilər. Bu barədə İnsanoid Qafqazinfo-ya istinadən bu gün, 6 sentyabr tarixində xəbər verir.
Nəqliyyat eksperti hüquqşünas Ərşad Hüseynov Bakını və paytaxtın ətrafını əhatə edən əraziləri böyük nəqliyyat böhranının gözlədiyini deyib.
Onun sözlərinə görə, Abşeron aqlomerasiyasının (Bakı şəhəri, ətraf kənd və qəsəbələr, Abşeron rayonu və Sumqayıt şəhəri) küçə-yol şəbəkəsində mobilliyə təsir edən əsas amillərə nəzər yetirəndə mənzərə xeyli aydınlaşır:
“1. Bakı ətrafında bəzi yaşayış massivləri bir az da sıxlaşıb, rayonlardan paytaxta gələnlər də, yəqin ki, azalmaz, əksinə artar. Xarici ölkələrdən Vətənə qayıdanlar da böyük ehtimalla artıb. Bunun qarşılığında yenə də əsas iş yerləri şəhərin daxilindədir. Bununla şəhərə giriş yollarında hərəkət intensivliyi artacaq.
- Son bir ildə ölkəyə 70-80 min minik avtomobili gətirilib, əksəriyyəti də Bakıya və Abşeron aqlomerasiyasına. Nəticədə küçələrə çıxacaq avtomobillərin sayı da artıb.
- Bakı Metropolitenində son bir ildə cəmi 1 stansiya – “Xocəsən” istifadəyə verildi (buna da çox şükür). Onun ümumi sərnişin axınına ciddi təsiri gözlənilmir. Qatarların hərəkət qrafiki və digər amillər də yerində qalır (onsuz da mümkün ən maksimum istismar şərtlərindən istifadə olunur).
- Bakının və aqlomerasiyanın digər məntəqələrində avtobus marşrutlarının azaldığını aydın şəkildə görə bilərsiniz. Bu, yəqin ki, avtobus parkının daha bir il köhnəlməsi, yeni avtobusların gətirilməməsi, mövcudların isə saz vəziyyətdə istismarının çətinlikləri ilə bağlıdır. Hər bir halda avtobus parkının vəziyyəti, onun perspektivi indiki durumda kifayət qədər bərbaddır.
- Son bir ildə aqlomerasiyanın küçə-yol şəbəkəsində ciddi bir yenilik baş verməyib.
- Sürücülərimiz və digər hərəkət iştirakçılarımızda geriləmə var. Çünki yol uğrunda amansız mübarizə aparan, başqalarına məhəl qoymayan, 200 metrlik məsafədə 5 dəfə zolaq dəyişən sürücülərin azalmasını müşahidə etmirik”.
Ərşad Hüseynov əlavə edib ki, son vaxtlar yalnız parklanma məsələsi ilə bağlı müsbət irəliləyiş hiss edilir.
Qeyd edilənlər o deməkdir ki, bu il də aqlomerasiyada əsas mobillik vasitələrimiz fərdi avtomobillər və taksilər olmaqda davam edəcək.