Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 12 sentyabr tarixində xəbər verir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, artıq 15-ci gündür müvafiq işçi heyəti ilə buradadırlar:
“Artıq 15-ci gündür ki, Ağdam-Xankəndi istiqamətində dayanmışıq. Bütün heyət olaraq, keçid üçün cavab gözləyirik. Məqsədimiz ondan ibarətdir ki, gətirdiyimiz 2 TIR, daha dəqiq desək 40 ton unu Xankəndidə yaşayan erməni sakinlərinə təhvil verək”.
Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan yardım karvanında 40 ton un var.