Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un məmulatları olan iki yük maşını (TIR) 5 gündür Ağdam-Xankəndi yolundadır. Bu barədə Report 2 sentyabr tarixində xəbər verib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər.
Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.
İçərisində 40 ton un məmulatları olan iki TIR avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.