TÖVSİYƏ XƏBƏRLƏR

Balakəndə anasını avtomobillə vurub öldürən qadına hökm oxunub

Şəki Ağır Cinayətlər Məhkəməsində Balakən rayonunda anası Məlahət Qarayevanı ehtiyatsızlıqdan avtomobillə vurub öldürməkdə təqsirləndirilən Aygün Qarayevaya hökm oxunub. Bu barədə 1 noyabr tarixində Report məlumat yayıb.

Məhkəmə qərarı ilə A.Qarayeva 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzası 2 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəzlənib.

A.Qarayeva, eyni zamanda 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il martın 1-də Balakən rayonunun Talalar kəndində baş verib. İttiham aktına əsasən, A.Qarayeva “Niva” markalı minik avtomobilini idarə edərkən ehtiyatsızlıqdan evin pilləkənində oturan 59 yaşlı anası Məlahət Qarayevanı vurub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan qadına Balakən rayon Mərkəzi Xəstəxanasında ilkin yardım edilib, lakin vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə göndərilib. M.Qarayeva hadisə baş verdikdən 17 gün sonra müalicə aldığı xəstəxanada vəfat edib.

Mərhumun qızına qarşı “yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə ittiham irəli sürülüb.