Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 29 il ötür. Tarixdə Ballıqaya qətliamı kimi yad edilən faciə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində baş verib.
1992-ci ilin may ayının 18-dən sonra işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər Xanlar rayonunun (Göygöl rayonu) ərazisində, Murovdağın ətəklərində məskunlaşdılar.
1992-ci ilin avqust ayının son günlərində məcburi köçkünlük həyatı yaşayan ailələr məskunlaşdıqları ərazilərin heyvandarlıq üçün əlverişsiz olduğundan Goranboy rayonunun Ballıqaya kəndində məskunlaşdılar.
Məskunlaşdıqdan üç gün sonra səhər saat 5 radələrində Ermənistan silahlı qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutdu. Atəş nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər mülki şəxs amansızlıqla qətlə yetirildı. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.
Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini məhv etmək məqsədi ilə törədilən kütləvi qırğın aktlarından biridir.