Ermənistan silahlı qüvvələrinin 2020-ci il oktyabrın 28-də Bərdə şəhərinə raket hücumlarının ildönümü ilə əlaqədar şəhid olan dinc sakinlərin anım mərasimi keçirilib. Bu barədə Report 28 oktyabr tarixində xəbər verib.
Terror aktı baş verən ərazidə qurulmuş xatirə lövhəsinin qarşısında təşkil edilən mərasimdə Milli Məclisin deputatı Fatma Yıldırım, Bərdə Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, YAP Bərdə rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri və yaxınları, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimində əvvəlcə Bərdə terroru qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib. Xatirə lövhəsinin önünə əklil və gül dəstələri qoyulub. Anım duruşu nümayiş etdirilib.
Terror qurbanları və müharibə zamanı şəhid olan soydaşlarımızın ruhuna dualar oxunub.
Bərdə şəhəri 44 günlük Vətən müharibəsi zamanı 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalıb. Bərdə şəhərində törədilən terrorlar nəticəsində ümumilikdə 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.