8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Qadınlar günü ölkəmizdə ilk dəfə 1917-ci ildə qeyd edilib. İnsanoid bu bayram münasibətilə tarixin ən məşhur Azərbaycan qadınlarının bəziləri haqda məlumat toplayıb, sizə təqdim edir:
Məhsəti Gəncəvi – XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsidir. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadındır. Deyilənlərə görə, Sultan Səncərin diqqətini onun gözlənilmədən yağan qar haqqında bədahətən söylədiyi bir rübai çəkib: “Göylər sənə gümüşü xalça göndərib ki, atının nalı bulanmasın”. Sultan bu rübaini eşitdikdən sonra şairəni “Mə-histi” (“Ən böyük”) adı ilə mükafatlandırıb və onu öz yaxın əhatəsinə qəbul edib. Məhsəti ömrünün çox hissəsini Gəncədə keçirib. O, Sultan Məhəmmədin və onun oğlu Sultan Mahmudun saray həyatında yaxından iştirak edib.
Xurşidbanu Natəvan – XIX əsr Azərbaycanın görkəmli şairəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızıdır. O təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınıb. İlk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı şeirlərinin əksəriyyəti itib-batıb, yalnız cüzi bir hissəsi bizə gəlib çata bilib. Natəvan xanım kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib. Bu su kəməri indi də “Xan qızı bulağı” adı ilə məşhurdur.
Nigar Şıxlinskaya – ilk ali təhsilli azərbaycanlı qadın və ilk şəfqət bacısıdır. O, Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri, General Əliağa Şıxlinskinin həyat yoldaşıdır. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilən Nigar xanım həm də dul qadınların, ailədən məhrum olmuş uşaqların haqlarını qoruyurdu.
Ağabacı Rzayeva – Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkardır. Onun ilk əhəmiyyətli musiqi əsəri 1941-ci ildə xalq çalğı alətləri orkestri üçün yazılmış “Vətənpərvərlik Marşı” idi. Bundan əlavə, Rzayeva şair Nəsiminin sözlərinə yeddi romans bəstələyib. Bəstəkar tərəfindən yazılan mahnıların (60-dan çox) əksəriyyəti uşaqlara həsr olunmuşdur (“Kukla”, “Qaranquş”, “Mənim ağ göyərçinim”, “Sabahkı günün ustaları” və s.). 1960-cı ildə ona əməkdar incəsənət xadimi fəxri adı verilib.
Qəmər Salamzadə – Azərbaycanın ilk qadın kinorejissoru və ssenaristdir. O, İlk təhsilini Naxçıvanda qız məktəbində alıb və daha sonra Moskvada Dövlət Kinomatoqrafiya Texnikumunda oxuyub. Salamzadə “Qızıl kol”, “Əlsiz adamlar”, “Rəqs edən bağalar”, “Dəcəl dəstə”, “Səbuhi”, “Bir ailə”, “Ordenli Azərbaycan”, və “Şəfa nəğməsi”ndə rejissor və rejissor köməkçisi kimi çalışıb.
Züleyxa Seyidməmmədova – ilk azərbaycanlı təyyarəçi qadınlardan biridir. O, II Dünya müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olub və 500-dən artıq döyüş uçuşu keçirib. Züleyxa xanım müharibədən qəhrəman aviasiya kapitanı kimi dönür. O, sosial tәminat naziri postunda çalışan birinci qadın nazir olub.
Şövkət Məmmədova – Azərbaycanın ilk peşəkar qadın müğənnisi və opera artistidir. O, 1912-ci ildə Bakının Tağıyev teatrında ilk dəfə peşəkar ifaçı kimi çıxış edir. Lakin qadının örtüksüz səhnədə oxuması müsəlman icmasını xeyli qəzəbləndirir. Şövkət Məmmədovanı və onu səhnəyə buraxan bəstəkar Üzeyir Hacıbəyovu öldürmək istəyirlər, lakin onlar faytona minib Abşeron kəndlərinin birində gizlənirlər. Müğənni SSRİ xalq artisti olub, 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri ilə təltif edilib.
Zərifə Əliyeva – Azərbaycan SSRİ-nin əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademikidir. O, 1969-cu ildən Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, laboratoriya müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb. Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası, Bakı və Naxçıvanda küçə onun adını daşıyır. Paytaxtın Binəqədi rayonu ərazisində adına istirahət parkı salınıb.