Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin, eləcə də EcoHub ekoloji platformasının könüllülərinin iştirakı ilə Xəzər dənizinin Bilgəh sahilində təmizlik aksiyası keçirilib. Bu barədə 20 may tarixində Report məlumat verib.
Aksiya zamanı sahil zolağı plastik və digər tullantılardan təmizlənib, 240 kiloqram tullantı toplanaraq çeşidlənib və aidiyyəti üzrə daşınıb.
Təmizlik aksiyasının keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və ictimaiyyəti dəniz ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, təbiətə qayğı və həssas münasibət göstərməyə çağırır.
Qeyd olunub ki, sahilboyu ərazilərin təmizlənməsi məqsədi daşıyan bu cür aksiyaların mövsüm boyu hər həftəsonu keçirilməsi nəzərdə tutulub.