Azərbaycanda uşaqların böyümə trendini izləmək üçün cədvəl yaradılıb. Bu barədə dekabrın 16-da Səhiyyə Nazirliyinin mütəxəssisi Erkin Rəhimov məlumat verib.
Bu günə qədər Azərbayanda istifadədə olan cədvəllər başqa ölkələrə aid idi: “Yeni cədvəlin bizim uşaqlara aid olduğu üçün onların çəkisi, ya da boyu nisbətən az, ya çox olmasını bu cədvəl vasitəsilə müəyyən etmək olar”. O bildirib ki, uşaqlarda böyümə və inkişafın monitorinqində ən çox istifadə edilən ölçmələr bunlardır:
- yaşa görə boy;
- yaşa görə çəki;
- boy üçün bədən çəkisi;
- bədən kütləsi indeksi.
Mütəxəssis, həmçinin boy artımı neçə yaşa qədər davam etdiyini deyib: “Qızlarda boy artımı 14-15 yaşına, oğlanlarda isə 15-16 yaşına qədər davam edir. Nadir hallarda boy uzanması 23-25 yaşa qədər davam edir”.
Uşağın ata-anasının boyu məlum olduğu zaman, onun yaşına uyğun inkişafını qiymətləndirmək mümkündür: “Qız uşağının sağlam şəkildə böyüməsini müyyənləşdirmək üçün onun valideynlərinin boyları toplanır, alınan rəqəmdən 13 sm çıxarılır və ikiyə bölünür. Oğlan uşağı üçün isə bu göstəricinin üstünə 13 sm əlavə edilir və ikiyə bölünür. Beləliklə, uşağın genetik potensialına görə hədəf boyu hesablanır”. Qeyd olunub ki, əgər indiki boy göstəricisi ilə gözlənilən boy bir-birinə uyğun gəlmirsə, o zaman boy inkişafının geridə qaldığı söylənilə bilər.
Həkim valideynlərə uşaqlarını 6-7 aya qədər ayda bir dəfə, sonra isə 2-3 aydan müayinəyə aparmağı tövsiyə edib.