Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 5 iyun 1908-ci ildə Bakıda, ziyalı ailəsində anadan olub.
Mikayıl ibtidai təhsilini rus-tatar məktəbində alıb. 1931-ci ildə o, indiki Bakı Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsini bitirib. O, yeddi il Bakının 18 saylı orta məktəbində müəllimlik edib.
Müşfiq yaradıcılığına 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şeirilə başlamışdır. Şairin 1930-cu illərdə “Küləklər”, “Günün səsləri”, “Vuruşmalar”, “Pambıq”, “Buruqlar arasında” kitabları nəşr olunmuşdur. 1934-cü ildə o, Azərbaycan Yazıçılar İttifaqına üzv seçilmişdir. Müşfiq uşaqlar üçün də əsərlər yaratmışdır. O, “Şəngül, Şüngül, Məngül”, “Kəndli və ilan” nağıllarının, “Vuruşmalar”, “Qaya” kimi poemaların, “Coğrafiya”, “Məktəbli şərqisi”, “Zəhra üçün” və digər şeirlərin müəllifidir.
1937-ci ildə şair “xalq düşməni” damğası ilə həbs edilir. 5 yanvar 1938-ci ildə qısa çəkən məhkəmə iclasında şairin güllələnməyi haqqında hökm çıxarılır. Bu hökm yanvarın 6-da icra olunur. Müşfiqin cəsədinin harada olduğu hələ də məlum deyil.
Mikayıl Müşfiqin şeirlərinə mahnılar yazılmışdır: Zeynəb Xanlarovanın “Qal sənə Qurban” və “Sənin üçün”, Şövkət Ələkbərovanın “Qurban olduğum”, Gülağa Məmmədovun “Oxu Tar”, Eyyub Yaqubovun “Yenə o bağ olaydı”, “Küləklər”, “Ana Dedim”, Nǝzakǝt Mǝmmǝdovanın “Oxu sevdiciyim”, Alim Qasımovun “Söylə” və s.
Bakının 18 saylı orta məktəbi hazırda şairin adını daşıyır. Mikayıl Müşfiqin Yasamal rayonunda büstü qoyulmuş, küçəyə və meydana adı verilmişdir.