Bu gün, yanvarın 27-də alim, tarixçi və Azərbaycan SSR əməkdar elm xadimi Sara Balabəy qızı Aşurbəylinin doğum günüdür. O, 1906-cı ildә Bakıda, neft sənayeçisi ailəsində anadan olub.
Sara xanım ilk təhsilini Bakının “Müqәddәs Nina” qızlar mәktәbindә alıb. 1920-ci ildə onun atası sovet hakimiyyəti tərəfindən həbs edilir, lakin Nəriman Nərimanovun köməyilə buraxılır. Ailә Türkiyәyә köçür və Aşurbəyli İstanbulda Janna Dark adına kolleci bitirir. Bakıya döndükdәn sonra o, 1930-cu ildə indiki Bakı Dövlәt Universitetinin şәrqşünaslıq fakültәsini bitirir. 1935-ci ildə isə Saranın atası yenidən həbs edilir və güllələnir.
1941-ci ildә tarixçi Azәrbaycan Pedaqoji İnstitutunun xarici dillәr fakültәsini bitirir. Burada o, ingilis, fransız, alman, әrәb, fars vә türk dillәrini öyrənir. Aşurbəyli tarixçi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Lakin 6 xarici dil bildiyi üçün “vətən xaininin qızı” damğasını daşıyan Aşurbəyli SSRİ-nin təhlükəsizlik orqanları tərəfindən casus kimi təqib edilirdi. Tarixçi kimi işləmək üçün müraciət etsə də, ona icazə verilmirdi. Bu səbəbdən Sara xanım dram teatrında rəssam və dekorator, universitetlərdə müәllim vәzifәsindә çalışırdı.
Üzeyir Hacıbəyovun dəvəti ilə alim 15 il Konservatoriyada xarici dil dərsi deyirdi, eləcə də öz çəkdiyi rəsm əsərlərini sataraq müharibə illərində gəlir əldə edirdi.
O, Sankt-Peterburqda Şərqşünaslıq İnstitutunda tarix üzrə elmlər doktoru dərəcəsini almışdır. 1953-cü ildə Stalinin ölümündən sonra Aşurbəyli tarix sahəsində işləməyə başlayır. Şərqşünas Azәrbaycan Tarixi Muzeyindә orta әsrlәr tarixi şöbәsinin müdiri, Azәrbaycan Elmlәr Akademiyasının Şәrqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi vә aparıcı elmi işçi vәzifәlәrindә çalışır. 1993-cü ildәn ömrünün son illәrinә qәdәr isә Sara Aşurbәyli Azәrbaycan Elmlәr Akademiyasının Arxeologiya vә Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi vәzifәsindә çalışıb.
Elm xadimi Azərbaycan tarixinə dair 120 məqalənin və 4 kitabın müəllifidir. O, 1996-cı ildә “Şöһrәt ordeni” mükafatına layiq görülüb.
Sara Aşurbәyli 17 iyul 2001-ci ildә 95 yaşında vәfat edib və Bakının İkinci Fəxri xiyabanında dəfn olunub.