TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün Azərbaycan səhnəsinin Cülyettası kimi tanınan Barat Şəkinskayanın anım günüdür

Bu gün, yanvarın 14-də “Azərbaycan səhnəsinin Cülyettası” kimi tanınan Barat Şəkinskayanın vəfat etdiyi gündür. Aktrisa 28 iyun 1914-cü ildə Şuşada bəy ailəsində anadan olub. O, ilk təhsilini Şuşada alıb, 1923-cü ildə isə ailəsi ilə birgə Gəncəyə köçüb. Şəkinskaya 13 yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak edib.

Yaradıcılığının əsas dövrü 1935-ci ildən Akademik Milli Dram Teatrı ilə bağlı olub. Barat Şəkinskaya Azərbaycanın ilk travisti (oğlan rolları oynayan aktrisası) olub. Aktrisa, həmçinin uşaq obrazlarını canlandırıb və sonuncu dəfə uşaq rolunu 37 yaşında oynayıb. Bu, Məhəmmədhüseyn Təhmasibin “Çiçəklənən Arzular” pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub.

İncəsənət xadimi 1935-ci ildən xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub. O, “Arxip baba və Lyonka”, “Ad günü”, “Köhnə qala”, “Çippolino”, “Buratino”, “Sirk gəlir” kimi tamaşalarda iştirak edib.

1937-ci ildə “Romeo və Cülyetta” faciəsinin ilk tamaşası göstərilib. Barat Şəkinskaya “Cülyetta” rolunu ifa edib. Tamaşa zamanı onun hamilə olduğu üçün ağrıları başlayır, lakin aktrisa rolunu sona qədər oynayıb.

Barat xanım Şekspirin “Otello” (Dezdemona), Fridrix Şillerin “Məkr və məhəbbət” (Luiza), Lope de Veqanın “Rəqs müəllimi” (Florela), Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər” (Kruçinina) pyeslərinin tamaşalarında rollar ifa edib. Sənətkar “Görüş”, “O olmasın, bu olsun”, “Qızmar Günəş Altında”, “Kölgələr Sürünür”, “Qəribə Əhvalat”, “Telefonçu Qız”, “Azərbaycan Teatrının Ustaları”, “Evin Kişisi”, “Onun Bəlalı Sevgisi”, “Üzeyir Ömrü” kimi filmlərdə müxtəlif obrazlar canlandırıb.

Aktrisa 23 yaşında Əməkdar artist, 35 yaşında isə Xalq artisti fəxri adına layiq görülüb.

Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə vəfat edib və Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.