Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində anadan olub.
Bəxtiyar Vahabzadə Şəkidə məktəbə getməyə başlayıb. Daha sonra o, Bakıya köçüb və təhsilini burada davam etdirib. 1942-1947-ci illərdə Vahabzadə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
Bəxtiyar Vahabzadənin yaradıcılığında Vətən, millət, ailə, təbiət, mövzuları mühüm yer tutmuşdur. Şairin əsərləri ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və digər dillərə tərcümə edilmişdir.
Vahabzadənin “Dostluq nəğməsi”, “Mənim dostlarım”, “Bahar”, “Əbədi həyat”, “Çinar”, “Sadə adamlar”, “İnsan və zaman” kimi kitabları var. Şair Azərbaycanın iki yerə parçalanmasına həsr olunan “Gülüstan” poemasına görə 1962-ci ildə “millətçi” damğası ilə Bakı Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra bərpa edilmişdir.
Bəxtiyar Vahabzadə Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı adlarına layiq görülüb. Ona, həmçinin “Xalq şairi” fəxri adı verilib. Vahabzadə 1995-ci ildə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilib. Bundan əlavə, o, beş dəfə Azərbaycan Ali Sovetinə (indiki Milli Məclis) millət vəkili seçilib.
Bəxtiyar Vahabzadə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və çox sayda məqalənin müəllifidir.
Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə vəfat edib və Bakının Birinci Fəxri xiyabanında dəfn olunub.