Rəcəb Tayyib Ərdoğan bu gün and içəcək. Bu barədə İnsanoid bu gün, 3 iyun tarixində xəbər verir.
Mərasim Türkiyə Böyük Millət Məclisində (TBMM) yerli vaxtla saat 14:00-da keçiriləcək.
Tədbirdə dünya liderləri ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın, NATO baş katibi Yens Stoltenberqin də iştirak edəcəkləri gözlənilir.
Ərdoğan and içəndən sonra Anıtqəbiri ziyarət edəcək və ardınca onun vəzifəyə başlaması mərasimi keçiriləcək.
Daha sonra Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini açıqlayacaq.
Mayın 28-də keçirilən seçkilərin ikinci turunun nəticələrinə əsasən, “Cümhur İttifaqı”ndan prezidentliyə namizəd, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlmişdir.
R. T. Ərdoğan 2003-cü ildən 2014-cü ilədək Türkiyənin baş naziri vəzifəsini icra edib. R. T. Ərdoğan 11 il bu vəzifədə olub. 2014-cü ildə keçirilən prezident seçkilərində qalib gələn Ərdoğan 4 il sonra, 2018-ci ildə yenidən dövlət başçısı seçilib.