8 noyabr 2020-ci ildə 44 gün davam edən müharibə ərzində Şuşa şəhərinin işğaldan azad edilməsi böyük tarixi hadisə olduğundan, hər il bu gün ölkədə Zəfər Günü kimi qeyd edilir.
27 sentyabr 2020-ci ildə Ermənistan genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən mövqelərimizi və yaşayış məntəqələrimizi intensiv atəşə tutmağa başlayıb. Bu zaman Azərbaycan ordusunun komandanlığı tərəfindən bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlanılıb.
4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilib. 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın rayonu qan tökülmədən Azərbaycana qaytarılıb.
10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri üçtərəfli Bəyanat imzalayıblar. Həmin müqavilə Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsinin göstəricisi olub.
İlk olaraq Zəfər Günü 10 noyabr keçirilməli idi. Lakin həmin gün Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğu üçün Zəfər Gününün tarixi dəyişdirildi. 3 dekabr 2020-ci ildə hər il Azərbaycanda 8 Noyabrın Zəfər Günü kimi qeyd edilməsi haqqında Qanun imzalanıb.