9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti üçrəngli Dövlət Bayrağını dövlət rəmzi kimi qəbul edib.
AXC dövründə üçrəngli bayraqdan öncə, 21 iyun 1918-ci ildə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli Bayraq Dövlət Bayrağı kimi qəbul edilmişdi. Lakin həmin Bayraq Osmanlı İmperiyasının köhnə bayrağı olduğundan, həmçinin Gəncədə yaranmış tarixi-siyasi və hərbi vəziyyət onun dəyişdirilməsinə səbəb oldu.
AXC-nin üçrəngli Dövlət Bayrağı 27 aprel 1920-ci ildə Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına kimi dövlət rəmzi olmuşdur. 17 noyabr 1990-cı ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyada AXC-nin üçrəngli Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilib. 5 fevral 1991-ci ildə isə Azərbaycan Respublikasının Dövlət Bayrağı elan olunub.
17 noyabr 2009-cu ildə AXC-nin Dövlət Bayrağının qəbul edildiyi günün – noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilməsi haqqında qanun qəbul edilib.