Novruz bayramı qışın qurtarmasına və baharın gəlişinə həsr olunur. Novruzla əlaqədar bir neçə ənənə mövcuddur. Məsələn: papaq atmaq, qulaq falına çıxmaq, tonqalın üzərindən atlanmaq, üzük falına baxmaq, yumurta döyüşdürmək.
1920-ci illərə qədər Novruz bayramı xalq tərəfindən təntənə ilə qeyd olunurdu. Həmin zaman çar Rusiyası bu bayrama Milad bayramı qədər diqqət yetirməsə də, Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçular Bakı əhlinin bu bayramı təmtəraqla qeyd etməsinə böyük yardım edirdilər.
1918-1920-ci illərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə, yeni ilin Novruz bayramından başlaması haqqında qərar verilmişdi və Novruz daha təntənəli şəkildə qeyd olunurdu.
Azərbaycan sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra bayramın qeyd olunması məhdudlaşdırıldı. Novruz əleyhinə 1924-cü ildə yaradılmış “Mübariz Allahsızlar İttifaqı”nın üzvləri çıxmışdı. 1929-cu ildə onlar Novruzun dövlət bayramları siyahısından çıxarılmasına nail oldular. Buna baxmayaraq, xalq ənənələrə sadiq qalaraq Novruzu qeyd edirdi.
Nəhayət, 1966-cı il martın 20-də Novruz bayramını “Baharın gəlişi” adı altında qeyd etmək qərara alınmışdı. 1970-ci illərin ortalarından sonra SSRİ hökuməti “Bahar bayramı” adı altında kütləvi tədbirlərin keçirilməsinə icazə verməsə də, hər il martın 21-də rəsmi qəzetlər bayram təbrikləri ilə nəşr olunur, televiziya isə öz proqramını bayrama uyğun qururdu.
Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. 2010-cu ildə 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuşdur.
Mənbələr: