Albert Aqarunoviç Aqarunov 25 aprel 1969-cu ildə Bakı şəhərində anadan olub.
Aqarunov Suraxanı rayonundakı 154 nömrəli orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra peşə məktəbinin sürücü-mexanik ixtisasına daxil olub. O, 1987-ci ildə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub.
Qarabağ müharibəsi başlayarkən Albert könüllü cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb.
Aqarunov düşmənin iki tankının bir-birinə yaxınlaşdığı zaman onları bir mərmi ilə vurmuşdu. Buna görə bu metod döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adlandırılmışdır.
Qəhrəman Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənin canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilər Albertin başına 5 milyon rubl pul mükafatı qoymuşdular.
8 may 1992-ci ildə Şuşaya ilk girməyə cəhd edən erməni tankı Albert Aqarunov tərəfindən vurulur. Erməni tankının komandiri, sürücü-mexaniki və atıcı-artilleristi maşının kabinəsində məhv edilir. Ermənilər Qarabağ müharibəsindən sonra bu tankı bərpa edib, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar.
Albert Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında şəhid olub. Qəhrəman Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
7 iyun 1992-ci ildə Albert Aqarunov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə hazırda onun adını daşıyır. Nərimanov rayonunda Albert Aqarunovun heykəli ucaldılıb. Qəhrəmanın Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsi yerləşdirilib.