31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Məhz 1989-cu ilin bu tarixində SSRİ ilə İranın Azərbaycan ərazisindən keçən sərhəd çəpərləri sökülmüş, nəticədə Arazın hər iki tərəfində yaşayan azərbaycanlılar bir-birlərinə qovuşmuşlar.
16 dekabr 1991-ci ildə həmin zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Bu tarixdən həmin gün bayram kimi qeyd edilməyə başlayıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq azərbaycanlılar arasında əlaqələr qurmaq, birlik və həmrəylik yaratmağa imkan verir.
23 may 2001-ci ildə Heydər Əliyevin imzaladığı Sərəncamla 9-10 noyabr 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Bundan əlavə, Bakı şəhərində 16 mart 2006-cı ildə Dünya Azərbaycanlılarının II, 5-6 iyul 2011-ci ildə III, 3-4 iyun 2016-cı ildə isə IV Qurultayı baş tutub. 22 aprel 2022-ci ildə Dünya Azərbaycanlılarının V Qurultayı Şuşa şəhərində keçirilib.