Azərbaycanda ilk dəfədir ki, Laçın şəhəri günü qeyd olunur. Bu barədə İnsanoid bu gün, 26 avqust tarixində xəbər verir.
Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama uyğun olaraq, hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd ediləcək.
Məhz bu tarixin seçilməsi isə təsadüf deyil, Azərbaycan Ordusunun Laçın şəhərində ötən ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır.
Dövlət başçısının ötən ilin bu günü “X” sosial şəbəkəsindəki paylaşımında deyilir:
“Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.
Artıq bir ildir ki, Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır.
30 ilə yaxın işğal altında qalmış Laçın rayonu 2020-ci ilin dekabrın 1-də təhvil verilib.