Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub.
Məlikov orta məktəbi bitirib, 1948-ci ildə Bakı musiqi texnikumuna daxil olub. O, 1951-ci ildə texnikumu bitirib, 1953-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (hal-hazırda Bakı Musiqi Akademiyası) bəstəkarlıq ixtisası üzrə təhsil alıb. Arif Məlikov hələ birinci kursda oxuyarkən bir çox musiqi əsərləri bəstələyib.
Arif Məlikov “Məhəbbət əfsanəsi” baletinin müəllifidir. 1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulan bu balet bəstəkara dünya şöhrəti qazandırıb. Moskvada hətta “Məhəbbət əfsanəsi” haqqında kitab nəşr edilib və burada 55 il ərzində tamaşada iştirak edənlərin adları qeyd olunub.
Məlikov, həmçinin “İki nəfər”, “Əlibaba və qırx quldur”, “İki ürək dastanı”, “Yusif və Züleyxa” kimi baletlərin müəllifidir. Bundan başqa, o, bir çox mahnıların bəstəkarıdır. Onun musiqiləri ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Braziliya, İtaliya və başqa ölkələrdə ifa olunur. Arif Məlikov simfoniya, simfonik poemalar, müxtəlif orkestr pyeslərinin də müəllifidir.
Arif Məlikov əmək fəaliyyətinə müəllim kimi 1951-1952-ci illərdə Şuşa şəhər musiqi məktəbində başlayıb. 1966-1968-ci illərdə o, Azərbaycan Dövlət Konservatoriyasında baş müəllim, 1968-1978-ci illərdə dosent, 1979-1986-cı illərdə professor və 1986-cı ildən ömrünün sonuna kimi bəstəkarlıq kafedrasının müdiri vəzifələrində işləyib.
Məlikov yalnız bəstəkar və müəllim yox, həmçinin rəssam kimi də fəaliyyət göstərib. Onun yaradıcılıq nümunələri arasında “Çiçəkli badam ağacı”, “Şərq”, “20 Yanvar”, “Xəzərin qara qızılı – aylı gecə” və başqa rəsmlərini qeyd etmək olar.
Arif Məlikov bir sıra fəxri adlara layiq görülüb, həmçinin “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub. 2016-cı ildə Məlikovun 28 cilddən ibarət “Not əsərlərinin tam külliyyatı” çap olunub.
Arif Məlikov 9 may 2019-cu ildə vəfat edib və I Fəxri xiyabanda dəfn edilib.
Mənbələr: