20 noyabr 1991-ci ildə Dağlıq Qarabağda ermənilərin təxribatı nəticəsində Qarakənd faciəsi baş verib.
Həmin gün Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mİ-8” hərbi helikopter Ermənistan silahlı qüvvələri tərəfindən raketlə vurulub. Helikopter hələ havada olarkən partlayıb. Həmin zaman 22 nəfər terrorun qurbanı olub: üç nəfər pilot, qalan şəxslər isə Azərbaycanın dövlət xadimləri, Rusiya və Qazaxıstanın nümayəndələri idi.
Rəsmi olaraq, helikopterin partlayış səbəbi kimi onun dumana düşərək qayaya çarpılması göstərilirdi. Vurulmuş vertolyotun “qara qutusu” azərbaycanlılara verilməmiş, Moskvaya təhvil verildikdən sonra onun yandığı elan edilmişdir. Terrorun baş verdiyi ərazinin işğal olunması isə istintaqın tam dayandırılması ilə nəticələnib.
Bu faciə Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqların pozulmasına gətirib çıxardı.