20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində hərbi helikopter vurulub. Həmin gün yalan informasiya verilərək bildirilib ki, vertolyot hava dumanlı olduğundan qəzaya uğrayıb. Lakin sonradan məlum olub ki, bu faciə ermənilər tərəfindən törədilib.
Mixail Qorbaçovun şəxsi köməkçisi 18 noyabr 1991-ci ildə Bakıya zəng vuraraq, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirməyi Respublikanın Dağlıq Qarabağ rəhbərliyindən xahiş etdi. Daha sonra isə iclasda iştirak edənlərin siyahısı tərtib olundu. Həmin iclasda dövlət katibi Tofiq İsmayılovun, baş prokuror İsmət Qayıbovun mütləq iştirak etməsi haqqında xəbər verildi. Siyahı bir neçə dəfə dəyişdirildi. Yekun siyahı isə 19 noyabr 1991-ci ildə hazır oldu.
20 noyabr 1991-ci ildə iki vertolyot hazır vəziyyətə gətirilir. Plana görə, bir vertolyot əsas olub, ikinci isə birincini müşayiət etməli idi. Lakin ikinci vertolyotun təhlükəsizliyi təmin edilmədən, birincinin yerinə havaya qalxır.
Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. İstintaq sənədlərində qeyd olunub ki, helikopter yerdən pulemyot və avtomatlardan atəşə tutulub. Vurulmuş helikopterin “qara qutusu” azərbaycanlılara verilməmiş, Moskvaya aparılaraq, sonradan onun yandığı elan edilmişdir. Faciənin baş verdiyi ərazinin işğal altında olması səbəbindən sonradan istintaq dayandırılıb. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb.
Qarakənd faciəsi nəticəsində 22 nəfər həlak olub. Onların sırasında Azərbaycan, Rusiya və Qazaxıstanın dövlət xadimləri və digər nümayəndələr olub.