TÖVSİYƏ XƏBƏRLƏR

Bu gün Səməd Vurğunun vəfatından 67 il ötür

67 il bundan əvvəl, 1956-cı il mayın 27-də Azərbaycanın ilk Xalq şairi, Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğun ağciyər xərçəngindən dünyasını dəyişib. Şair xalqın böyük bir izdihamı ilə Bakının Birinci Fəxri xiyabanında dəfn edilib.

Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olub.

Şair ilk şeirlərini Qazax müəllimlər seminariyasında qələmə alıb. Yazdığı şeirlər seminariyanın divar qəzetində çıxırdı. Vurğunun ilk çap əsəri olan “Cavanlara xitab” şeiri 1925-ci ildə Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunub.

Səməd Vurğunun yaradıcılığı sadə xalq dilinə yaxınlığı ilə seçilib. Vurğunun şeir və poemalarında sevgi və təbiət mövzuları geniş yer alıb. Şairin 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri Azərbaycanla bağlı qələmə alınmış ən məşhur şeirlərdən biridir.

Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri olub. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilib. 1956-cı ilin martında “Azərbaycanın Xalq Şairi” fəxri adı təsis edilib və ilk dəfə bu ada 50 illiyi münasibətilə Səməd Vurğun layiq görülüb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx