18 avqust Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Bu tarix 16 avqust 2000-ci ildə ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, qəbul olunub.
Bugünkü silahlı qüvvələrin yaradılmasının əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra hökumətin əhəmiyyətli məsələlərindən biri ölkənin sərhədləri ilə bağlı idi. 22 iyun 1918-ci ildə Fətəli Xan Xoyskinin imzaladığı qərarla Poylu stansiyasında sərhəd postunun yaradılması barədə tapşırıq verilmiş və sərhəd mühafizəsinin təşkili sahəsində vəzifələrin yerinə yetirilməsinə başlanılmışdır. 18 avqust 1919-cu ildə “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” Qanun qəbul olunub. Ona əsasən, Azərbaycanın sərhədləri boyu 992 mühafizəçidən ibarət 99 post yaradılmışdır.
Bu gün, həmçinin Qazaxıstanda da sərhədçilərin peşə bayramı qeyd olunur.