3 oktyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan “Dəmir yumruq” əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələri mühüm strateji əhəmiyyətə malik Suqovuşanı işğaldan azad edib. Məhz həmin gün Madagizin adı dəyişdirilərək, kəndin tarixi adı olan Suqovuşan bərpa edilib. Suqovuşan döyüşü Azərbaycan Ordusunun şimal istiqamətində irəliləməsində mühüm rol oynayıb.
Suqovuşan 1923-cü ildə Ağdərə rayonunun inzibati ərazisinə kənd kimi daxil idi. 1992-ci ildə Ağdərə rayonu ləğv edilib, onun ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Həmin zaman Suqovuşan Tərtər rayonunun ərazisinə daxil edilib.
Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Lakin 1994-cü ilin aprelində ermənilər yenidən Suqovuşanı işğal ediblər. Ermənilərin burada yaratdıqları 49971 nömrəli hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu.