Bu gün Azərbaycanın iki mükəmməl sənətkarının – Tofiq Quliyev və Oqtay Ağayevin doğum günüdür.
Tofiq Ələkbər oğlu Quliyev 7 noyabr 1917-ci ildə Bakıda anadan olub. O, 14 yaşında şair Mirzə Ələkbər Sabirin “Uşaq və buz” şeirinə “Dərsə gedən bir uşaq” mahnısını bəstələyib. Bəstəkar 1941-ci ildə ilk dəfə “Səbuhi” filminə musiqi bəstələyib və 40-dan artıq kinofilmin musiqisinin müəllifi olub. Bundan əlavə, Azərbaycan cazının bünövrəsi onun Niyazi ilə birlikdə yaratdığı “Dövlət cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub. Tofiq Quliyev 4 oktyabr 2000-ci ildə vəfat edib, I Fəxri xiyabanda dəfn olunub.
Oqtay Cəfər oğlu Ağayev 7 noyabr 1934-cü ildə Bakıda anadan olub. O, 1953-cü Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub. Sənətkar “Sən ey uşaqlıq”, “Qaytar eşqimi”, “Durnalar qayıdanda”, “Yadındamı”, “Qayalar”, “Bir səhər”, “Sevgilim” kimi mahnıları ifa edib. Oqtay Ağayev 13 noyabr 2006-cı ildə vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.
1970-ci ildə çəkilən “O qızı tapın” filmində səslənən “Kimsən sən” mahnısının bəstəkarı Tofiq Quliyev, ifaçısı isə Oqtay Ağayev olub.