Fuad Poladov 24 may 1948-ci ildə Bakıda, keçmiş Sovetski məhəlləsində, müəllim ailəsində anadan olub.
O, 132 saylı orta məktəbi, sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Adil İsgəndərovun aktyorluq studiyasını bitirib. Poladov 1967-1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
Fuad Poladov ilk dəfə tələbə ikən sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında Savalan rolunu oynayıb. O, premyerası 1969-cu ildə göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub və həmin vaxtdan Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən isə Poladov Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.
Aktyor teatr səhnəsində “Məkr və məhəbbət” (Ferdinand), “Qılınc və qələm” (Nizami), “Təhminə və Zaur” (Zaur), “Kölgələrin oyunu” (Yuliy Sezar) kimi tamaşalarda rol alıb. O, həmçinin “Ad günü” (Nazim), “Atayevlər ailəsi” (Şahsuvarov), “İstintaq davam edir” (Səlim), “Qayınana” (Ayaz) kimi filmlərdə obrazlar canlandırıb.
Fuad Poladov “Azərbaycan SSR Əməkdar artisti”, “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına və bir sıra mükafatlara layiq görülüb.
Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən aktyor 4 may 2018-ci ildə vəfat edib və Bakının “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.