Bu ilin yanvar-sentyabr aylarında ümumilikdə 1 367 Azərbaycan vətəndaşı könüllü olaraq Vətənə qayıdıb. Bu barədə 3 oktyabr tarixində Report məlumat verib.
Qayıdış ölkələri Moldova (1 149 nəfər), Almaniya (170 nəfər), Niderland (24 nəfər), Avstriya (11 nəfər), hərəsindən 1 nəfər olmaqla Latviya, Gürcüstan, Belarus, Macarıstan, Polşa, Türkiyə və Rumıniya olub.
Bu ilin ilk 9 ayı ərzində BMqT-nin Azərbaycan nümayəndəliyi KQYR layihələri çərçivəsində ümumilikdə 293 könüllü geri dönən şəxsə nağd pul, qeyri-nağd şəkildə reinteqrasiya və tibbi yardım göstərib.
Qeyri-nağd şəkildə edilən yardım müvəqqəti mənzil təminatı, kiçik biznesə başlamaq üçün dəstək, ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyalarının alınması, eləcə də tibbi ehtiyacların ödənilməsi kimi dəstəyi əhatə edib.
BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər, kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru (məsələn, taksi xidməti), kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurublar.