Bu il məişət zorakılığı ilə bağlı 148 müraciət daxil olub

2021-ci ilin ilk 6 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 148 müraciət daxil olub. Bu haqda qurum sentyabrın 14-də məlumat yayıb.

Baş Prokurorluğun məlumatına əsasən, cari ilin yanvar-iyun ayları ərzində qeydə alınmış adam öldürmə cinayətləri nəticəsində 33 qadın öldürülüb. Bu qurbanlardan biri 25 yaşlı Təhminə Hüseynova da ola bilərdi. O, sentyabrın 12-də paytaxtın Binəqədi rayonunda əri tərəfindən bıçaqlanıb. Xalid Hüseynov barəsində “qəsdən adam öldürməyə cəhd etmə” maddəsi ilə cinayət işi başlanıb.

Bundan əvvəl, avqustun 30-da sosial şəbəkələrdə müzakirələrə səbəb olan hadisə baş verib. Səbail rayonunda Aytən Niftəliyeva və onun 1 yaşlı qızı yaşadıqları evin pəncərəsindən düşərək həlak olub. Vəfat edən qadının yaxınları deyirlər ki, onu qucağında qızı ilə həyat yoldaşı, Rəhman Niftəliyev döyüb. Bu zaman uşaq 4-cü mərtəbədən yerə düşüb, ana isə körpəsinin arxası ilə özünü atıb.

Faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılıb.

Statistikaya əsasən, bu il məişət zorakılığı ilə bağlı cinayətlərin sayı əvvəlki illə müqayisədə təxminən 25% artıb. Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bu il məişət zorakılığı ilə bağlı 148 müraciət daxil olub”

Tövsiyə xəbərlər