Bu Novruz Qoçların qulaqları qapılarda olsun. Xoş xəbərlər eşidəcəksiniz. İşləriniz də, şəxsi həyatınız da yağ kimi gedəcək. Bu bürcün nümayəndələri bu il axtardıqları sevgini tapacaqlar.
Diqqət, Buğalar! Bu Novruz sevgi sizin də üzünüzə gülümsəyəcək. Qoçlara baxıb qapı pusmayın. Çünki sizin qismətiniz artıq qapınızdadır. Bunu dəqiqləşdirmək istəsəniz, ayağınızın sağ başmağını qapı ağzında başınızın üstündən atın. Başmağın pəncə hissəsi üzü üstdə qapıya tərəf düşsə, bu il nişanlanacaqsınız.
Gülərüz Şirlər, bilmək istəyirsinizmi sizi nə dərəcədə sevirlər? O zaman qoy rəfiqələriniz sapa bir neçə dəfə düyün vurub, sizə versinlər. Aça bilsəniz, demək, hədsiz sevilirsiniz. Şir ola, o düyünü açmaya, əksini düşünmək belə mümkün deyil.
Dolçalar Novruzdan sonra sevgi hisslərinin zirvəsini yaşayacaqlar. Suallarınıza cavab tapmaq üçün İlaxır çərşənbədə niyyət tutub gözləyin. Qapını ilk olaraq açıb, içəri girənin birinci sözü nə olarsa, niyyətinizə görə yozun.
Qızlara da yaxşı xəbərimiz var. Yazın gəlişi, təbiətlə birgə sizi də oyadacaq ki, yarınızı tapa biləsiniz. Elə isə İlaxır çərşənbə axşamı gec yatın. Yatanda isə əvvəlcədən hazırlanmış duzlu kökə yeyin. Hə, bir də ki, unutmayın, su içmək olmaz. Gecə yuxuda sizə kim su versə, demək qismətinizdir.
Oxatanları da unutmadıq. Pərəstişkar baxımından qıtlıq yaşamayan Oxatanlar öz alın yazılarını yuxuda görə də bilərlər. Əziz Oxatanlar! Axır çərşənbə gecəsi ürəyinizdə niyyət tutub yatın. Gecəyarısı yuxudan durun və şam yandırın. Şamı götürüb güzgüyə yaxınlaşın. Güzgüdə gələcək nişanlınızı görəcəksiniz. Amma gərək qorxmayasınız. Qorxsanız, niyyətiniz baş tutmaz.
Oğlaqlar bayramda da pul qazanmaq barədə düşünür. Ətrafınızda ailə quranlar, nişanlananlar çoxdur. Siz də bu barədə düşünün. Hələlik isə bir qaba su doldurun, saçınızdan tel qoparıb üzüyünüzü ona taxın. Niyyət tutub, üzüyü suyun üstündən keçirin. Üzük fırlanmağa başlayacaq və qabın divarına dəyəcək. Üzük neçə dəfə dəyirsə, sayın. Siz o yaşda gəlin köçəcəksiniz.